top of page
22 Noyabr

Yeni qanun! Hərbçilərə hicab və saqqal qadağası aradan qalxdı

Türk ordusunda hərbçilərin xarici görünüşündə müəyyən məhdudiyyətlər yaradan "dress-code" ləğv edildi.

Müvafiq maddənin ləğv edilməsi barədə "Resmi Gazete" məlumat yayıb.

Reqlament 1982-c ildə qəbul edilmişdi, bu reqlament dövlət qulluqçualrını sadə və Atatürk islahatlarının prinsiplərinə müvafiq geyinməyi tələb edirdi.

Bu tələbin aradan qaldırılması ilə əlaqədar Türk silahlı qüvvələrinin, jandarmeriya və sahil mühafizə xidmətlərinin əməkdaşları saqqal saxlaya qadınar isə hicab taxa bilərlər.

Məşhur müğənni qəzada öldü

Məşhur türkiyəli sənətçi Alaaddin Usdan pis xəbər var.

Tanınmış ifaçı avtomobil qəzasında həyatını itirib.

O, İzmirdən İstanbula gələn zaman avtomobili işıqforun işığında keçən yük maşınının altında qalıb. 60 yaşlı sənətçi dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Lənkəranski ilə bağlı ŞOK FAKT

21 ildir həbsdə yatan azərbaycanlı "qanuni oğru" "Lənkəranski"nin bazarlarına nəzarəti ələ keçirməsindən danışıb; Azərbaycan onun ekstradisiyasına razılıq verir?

Avqustun 18-də Türkiyədə öldürülən "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") Moskvada nəzarət etdiyi topdansatış göy və meyvə-tərəvəz bazarlar uğrunda kriminalların mübarizəyə başlaması haqda ötən saylarımızda xəbər vermişdik.

Xatırladaq ki, Rusiya mənbələri bir neçə gün əvvəl belə xəbərlər yaymışdı ki, "Lənkəranski"nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq Merab Canqveladzenin ("Merab Suxumski") nəzarətinə keçib. O da bildirilirdi ki, "Lənkəranski"nin bazarlarına nəzarəti ələ keçirməyə çalışan azərbaycanlı kriminallar yeni birlik yaradıblar. Formalaşdırılmış quplaşmaya "Lotu Quli" (Nadir Səlifov) və Vaqif Suleymanovun ("Marneulski") klanları daxildir. Primicrime.ru saytı azərbaycanlı qruplaşmaların bazarlar uğrunda mübarizəsi haqda mövzuya yenidən diqqət ayırıb.

Sayt "Azərbazar" sərlövhəli yazıda öz mənbəsinə istinadən iddia edir ki, bazarlar uğrunda mübarizə haqda xəbərlər şişirdilib və məqsədli xarakter daşıyır. Bildirilir ki, azərbaycanlı kriminalların təşkilatlanması haqda xəbərlər "etnik kriminal qrupluşmalar arasında münasibətləri gərginləşdirmək" məqsədi daşıyır. "Heç kimə sirr deyil ki, keçmiş SSRİ məkanında kənd təsərrüfatı məhsulları bazarları adətən azərbaycanlıların nəzarətində olub". Sayta danışan anonim mənbə iddia edib ki, azsaylı azərbaycanlı "qanuni oğru"lar bazarlara nəzarətdə gələn gəlirlər bərabər bölüblər: "Bəxtiyarın ("Lotu Bəxtiyar") vaxtında bazarlardakı gəlirlər "qanuni oğru"lar arasında ədalətli bölünürdü. Mirseymurun, Hikmətin, Çingizin öldürülməsindən sonra isə bazarlara nəzarəti ələ keçirən "Lənkəranski" bu prinsipi pozdu".

Primecrime.ru yazır ki, bazarlarda çalışan azərbaycanlıların "Lənkəranski"dən sonra Kaxa Parpaliya və Levan Canqveldze deyil, öz həmyerlilərinin "krışılağı" altında fəaliyyət göstərmək istəməsi təbiidir. Bildirilir ki, "Lənkəranski"nin iki qatı düşməni "Lotu Quli" və "Vaqif Marneulski" indi bazarlara nəzarəti birgə həyata keçirir, aralarında heç bir problem yoxdur".

Hazırda Bakıdakı 8 saylı islah-əmək müəssisəsində saxlanılan "Lotu Quli" isə vəkili vasitəsilə yayılan xəbərlərə münasibət bildirib. Primcrime sputnik.az saytına istinadən xəbər verir ki, vəkil Təranə Əliyeva "Quli"nin Rusiya bazarlarına nəzarət etməsi barədə xəbərləri təkzib edib. Vəkil deyib ki, müvəkkili olduğu şəxsin "kriminal razborka"larından xəbəri yoxdur və yalnız onun hüquqi statusu ilə maraqlanır: "Sadəcə, onunla görüşəndə Rusiya mediasındakı məlumatları müzakirə edərkən Səlifov bildirdi ki, Rusiya bazarlarına nəzarət barədə bütün bu söhbətlərin ona heç bir aidiyyəti yoxdur. Adının göy-göyərti bazarı ilə əlaqələndirilməsinə o hətta güldü".

Vəkil bildirib ki, "Quli"nin hazırda öz vətəninə - Gürcüstana ekstradisiyasına çalışırlar. "Bir il əvvəl Gürcüstan rəsmi şəkildə Səlifovun vətəndaşlığını təsdiq etdi. Bundan əlavə, Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycan Ədliyyə Nazirliyinə, Səlifovun cəzasının qalanını vətənində çəkməsi üçün ekstradisiya olunması ilə bağlı sorğu göndərib. Səbəb kimi qohumlarının Səlifovla görüşmək imkanının olmaması göstərilir. Hazırda Gürcüstan və Azərbaycan dövlət qurumları arasında Səlifovun ekstradisiyası məsələsi ilə bağlı yazışma gedir. Biz nəticələri gözləyirik. Prinsip etibarilə Azərbaycan hüquq-mühafizə orqanlarının gürcüstanlı həmkarlarına etiraz etmək üçün əsasları yoxdur".

"Lotu Quli"nin yalnız sovet pasportu var. Gürcüstan vətəndaşı olan N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 1996-cı ildə hədə-qorxu yolu ilə pul alma, insan oğurluğu və qeyri-qanuni silah saxlama ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sonra cəza müddəti artırılıb. "Quli" bu illər ərzində Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini almayıb.

"Sputnik" də öz mənbəsinə istinadən yazır ki, "Quli"nin Rusiya bazarlarına qismən aidiyyəti var. "O, kifayət qədər çəkiyə malik olmadığı üçün, bazarlara tək nəzarət etmir. Səlifov həmişə kiminsə yanındadır. Yalnız "Quli"yə məxsus olan bir dənə də böyük obyekt yoxdur", - deyə, sayt vurğulayıb.

Lənkəranskidən sonra - Lotu Quli azərbaycanlılara "qan uddurur"

Həbsdə olan Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamları Ukraynada yaşayıb işləyən azərbaycanlılara divan tutur.

Bu barədə BakiPost.az-a Ukraynada bizneslə məşğul olan və Qulinin adamlarının şiddətinə məruz qalan iş adamlarından biri şəxsən danışır. Biznesmenin sözlərinə görə, hazırda Ukraynada işləyən azərbaycanlı iş adamları qeyri-rəsmi fövqəladə vəziyyətdə fəaliyyət göstərirlər. Bunun səbəbi isə Nadir Səlifovun onlara rəsmən divan tutmasıdır.

Mənbə bildirir ki, kriminal avtoritet Rövşən Lənkəranskinin ölümündən sonra Lotu Qulinin adamları Ukraynada iri biznesi olan azərbaycanlılara ağır "tas"lar qoyub. Onların tələb etdiklərini verməyən iş adamları isə döyülür, oğurlanır, hədə-qorxu gəlinir.

Daxil olan məlumatda o da bildirilir ki, Nadir Səlifovun adamları Ukraynada özlərini o qədər rahat hiss edirlər ki, hətta mərhum Lənkəranskiyə məxsus məşhur "Bakı" restoranını belə ələ keçirməyə çalışırlar. Lakin hələ ki buna müvəffəq olmayıblar.

Bu barədə məlumatı saytımızla bölüşən biznesmen Lotu Qulinin adamlarının azərbaycanlılara qarşı belə qəddar davranışının səbəbini açıqlayıb:

"Bunların məqsədi bizdən qisas almaqdır. Ukraynada fəaliyyət göstərən azərbaycanlı biznesmenlər mərhum Rövşən Lənkəranskinin sağlığında onun himayəsi altında işləyirdi. Buna görə də Nadir Səlifovun adamları uzun illərdir bizə dəyib-dolaşa bilmir, Ukrayna bazarlarından bir manat da olsun qazana bilmirdilər. İndi Rövşən yoxdur deyə, illərdən qalma qisaslarını alırlar bizdən".

İş adamı vurğulayıb ki, Lotu Qulinin adamları Ukraynada Lənkəranskinin nəzarətində olan demək olar ki, bütün sahələri ələ keçirib öz istədikləri kimi at oynadırlar. Onlara tabe olmayanları isə ağır formada incidirlər.

Mənbənin sözlərinə görə, əslində Nadir Səlifovun adamlarının biznesmenlərlə belə sərt rəftarının altında gizli bir niyyət yatır. Onlar Rövşənə sədaqətli iş adamlarını incitməklə Lənkəranskinin ölümündən sonra kölgəyə çəkilən yaxın adamlarının səbrini zorlayır və onları ortaya çıxmaq üçün qızışdırırlar.

Biznesmen onu da əlavə edir ki, iş adamları Nadir Səlifovun onların başına gətirdiyi zülmlə bağlı həm Azərbaycanda, həm də Ukraynada rəsmi qurumlara müraciət eləmək niyyətindədirlər: "Bizi məcbur edirlər ki, bir azərbaycanlını erməniyə (Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov nəzərdə tutulur - red.) şikayət edək".

Prezidentlərin məlum görüşünün vaxtı açıqlandı

"Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.
B.Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir: "Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər".

O əlavə edib ki, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir.

Sözçü ABŞ-da keçirilən prezident seçkiləri və Donald Trampın prezident seçilməsinə dair sualları da cavablandırıb. O, İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının (BHFP) bir neçə ölkə arasında razılaşdırıldığını xatırladıb: "Müqaviləni BMT də təsdiqləyib. Sadəcə, iki ölkənin əldə etdiyi razılaşma deyil ki, bir tərəf müqaviləni pozsun.

B.Qasımi İranın digər ölkələrlə viza rejimini ləğv etməsinə dair suallara cavabında bildirib ki, indiyədək Ermənistan və Gürcüstanın İran vətəndaşları üçün vizanı ləğv etməsi məsələsi müzakirə olunub. Bununla bağlı razılıqlar əldə edilib.

"Prezident mənə ev hədiyyə edib" - Rafael Ağayev

Dünya çempionu Rafael Ağayev ona verilən bahalı hədiyyələrdən danışıb.

İdmançı "5-ci element" verilişində yarışlarda qazandığı qələbələrdən sonra ona bir çox hədiyyələr verildiyini bildirib.

R.Ağayev aparıcı Kamilə Babayevanın "Bir dəfə sizə dəyəri yüz min olan maşın verdilər. Ondan başqa hansı bahalı hədiyyələri almısınız?" sualına belə cavab verib:

"Ölkə başçısı mənə ev hədiyyə edib. Bir də iki dəfə "Q7" markalı maşın bağışlanıb. Hər ikisi də təsadüfdən martın 4-də ad günüm ərəfsində olub".

DİQQƏT! Bakıda əhaliyə zəhərli dini disklər paylanılır

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsindən Publika.az-a bildirdilər ki, bu günlərdə qeyd olunan səbəbdən zəhərlənmə ilə bağlı müraciətlər olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov da Publika.az-a bildirib ki, polisə bununla bağlı müraciət olmayıb: "Bu halla qarşılaşan şəxslər polisə müraciət edə bilər. Vətəndaşlar tərəfindən bizə belə bir müraciət olduğu halda məsələ araşdırılacaq. Ona qarşı tədbir görüləcək".
***
Sosial şəbəkələrdə bəzi şəxslərin evlərə Quran surələrinin əks olunduğu disklər payladığı haqda məlumat yayılıb.

Məlumatı yayanlar diskin fotosunu da paylaşaraq, bu diskləri açan şəxslərin zəhərləndiyini bildirirlər. Hətta iddiaya görə, diski açan bir ailə bütünlüklə zəhərlənib və hazırda onlar xəstəxanadadırlar.
Maraqlıdır ki, zəhərlənən ailənin kimliyi açıqlanmır. Həmçinin Votsapda səsli mesajla çat bölümünə göndərilən və sürətlə paylaşılan bu məlumatın ilkin mənbəyi də məlum olmadığından, polis məsələyə hər hansı münasibət bildirməyib. Belə ki, zəhərlənmə faktı (kimlərin zəhərləndiyi) və evlərə diskin doğrudan da paylanılıb-paylanılmadığı bilinmir.
Bütün hallarda isə vətəndaşlardan diqqətli olmaları tələb olunur. Əgər bu məlumat doğrudursa və kimsə belə bir disk alarsa, dərhal DİN-in 102 "qaynar xətt"inə məlumat verməsi tövsiyə olunur

İlk dəfə olaraq hemofiliyalı xəstələrin stomatoloji problemlərinə dair maarifləndirici tədbir keçirilib

Azərbaycanda ilk dəfə olaraq Şimal regionunda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən hemofiliyalı xəstələrin stomatoloji problemlərini aşkar olunması və aradan qaldırılması üçün 2016–cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Maarifləndirmə və profilaktik təbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində Quba rayonunda maarifləndirici tədbirlərə start verilib.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd vətəndaşlarımızın sağlamlığının qorunması üçün gələcəkdə tədqiqatların aparılması və irsi qan xəstəlikdən əziyyət çəkən vətəndaşlarımızın ağız boşluğunda olan problemlərin aradan qaldırılması və dişlərinin sağlamlığının qorunması üçün uzun müddətli layihələrərin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə böyük məruzə ilə çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov qeyd edib ki, bu sahədə artıq Azərbaycan Səhiyyə Nazirliyi Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Stomatologiya kafedrasının mütəxəssisləri ilə əməkdaşlığın qurulması üçün mühüm addımlar atılıb.

Xatırladaq ki, hemofiliya xəstəliyi irsi qan xəstəliyidir və bu xəstələrin qanında laxtalanma faktorların çatışmazlığı səbəbindən müxtəlif lokalizasiyalı qanaxmalar baş verir. Son 10 ildə Azərbaycan dövlət büdcəsi hesabına alınan faktor konsentratları dərman preparatları hesabına xəstələrdə müxtəlif müalicələr tədbiq olunur və bununlada hemofiliyalı pasiyentlərimizin həyat keyfiyyətinin yaxşılaşmasına nail olmaq olur.

Tədbir hemofiliyanın bir sıra problemlərinin həllinə dair mövzuların müzakirəsi ilə davam edib.

Azərbaycan Xalça Muzeyi ilə İCOC-un İcraiyyə Şurası arasında əməkdaşlıq protokolu imzalanıb

Noyabrın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının (İCOC) İcraiyyə Şurasının akademik komitəsinin sədri Alberto Boralev və Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalının baş redaktoru Ben Evans ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Qarayev 2017-ci ilin oktyabrında V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamı haqqında danışaraq, xalqımızın qədim xalçaçılıq sənətinin geniş miqyasda tanıdılmasında bu beynəlxalq tədbirin əhəmiyyətini xüsusi qeyd edib. Bu nüfuzlu tədbirin təşkili üçün nümayəndə heyətinin ölkəmizə səfəri və gələcək əməkdaşlıq yüksək qiymətləndirilib.

Eyni zamanda, vurğulanıb ki, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.

“Hali” jurnalının baş redaktoru Ben Evans Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılığın özünəməxsus yer tutması barədə məlumatlı olduğunu qeyd edib.

İCOC-un İcraiyyə Şurasının akademik komitəsinin sədri Alberto Boralev isə öz növbəsində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun yüksək səviyyədə təşkil olunması üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.

Sonda Azərbaycan Xalça Muzeyi ilə Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının İcraiyyə Şurası arasında əməkdaşlıq protokolu imzalanıb.

  • Facebook Clean Grey
  • Twitter Clean Grey
  • LinkedIn Clean Grey
bottom of page